Həbib Rəhimoğlu
SİLİNMƏZ ADLAR,
SAĞALMAZ YARALAR
MÜNDƏRİCAT
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z
- YAQUBLU- İrəvan quberniyası Eçmiadzin qəzasındakı Yuqvard kənd icması tərkibində, Ermənistan SSR Əştərək rayonunda azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 200 nəfər, 1914-cü ildə 213 nəfər olmuşdur. 1918-ci ildə erməni təcavüzkarları kəndi tamam dağıtmışdılar.
- YAMANCALI (1967-ci ildən DEĞSUT) - Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 7 km şimalda azərbaycanlılar yaşamış kənd. 1831 –ci ildə 44, 1905-ci ildə 272, 1914-cü ildə 240, 1931-ci ildə 66 nəfərdən ibarət idi. Əhali 1918-1920-ci illər soyqırımı zamanı 4 dəfə azalmış, qalan hissəsi 1930-cu illərdə Azərbaycan SSR-ə köçürülmüşdü. 1830-cu ildə İrandan, 1920-ci ildə Qars və Sürməli vilayətlərindən köçürülmüş ermənilər bu kənddə məskunlaşdırılmışdı.
- YANIX PƏYƏ (1978-ci ildən MEŞƏKƏND, 1991-ci ildən ANTARAMEQ)- Ermənistan SSR Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə burada 197 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.
- YANIX- Ermənistan SSR Martuni (Aşağı Qaranlıq) rayonunda, Qaranlıq-Geğhovid Sovetliyi mərkəzindən 13 km aralıda azərbaycanlılar yaşamış kənd. Bu kənddə 1873-cü ildə 194, 1914-cü ildə 730 nəfər adam yaşamışdı. 1918-1920-ci illərdə törədilmiş soyqırım siyasəti nəticəsində azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdular.
- YAPPA- İrəvan quberniyasının İrəvan qəzasındakı Dvin-Aysoru kənd icması tərkibində, Ermənistan SSR Artaşat (Qəmərli) rayonu ərazisində azərbaycanlılar yaşamış kənd.Əhalisi 1905-ci ildə 55, 1914-cü ildə 104 nəfər idi. 1918-1920-ci il soyqırımı zamanı kənd büsbütün dağıdılmışdır.
- YARPIZLI (1967-ci ildən LCAVAN) – Ermənistan SSR Vardenis (Basarkeçər) rayonunda, rayon mərkəzindən 12 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Kəndin 1831-ci ildə 121, 1905-ci ildə 719, 1914-cü ildə 815, 1931-ci ildə 547 azərbaycanlı sakini var idi. 1918-1920-ci il soyqırımı zamanı xeyli əhali tələf olmuşdu. Ermənilər bu kənddə 1918-1920-ci illərindən sonra məskunlaşmışlar. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlı əhali bütünlüklə qovulmuşdur.
- YASAXLI ( AŞAĞI AYLANLI, 1946-cı ildən LENUĞİ)- İrəvan quberniyası Eçmiadzin qəzasında, Ermənistan SSR Eçmiadzin rayonunda azərbaycanlılar kəndi. Rayon mərkəzindən 6 km aralıda yerləşir. 1931-ci ildə bu kənddə 59 nəfər azərbaycanlı, 29 nəfər erməni, 87 nəfər İran ermənisi yaşamışdır. Sonrakı illərdə kənddə azərbaycanlıların yaşaması barədə məlumat yoxdur.
- YAŞIL- İrəvan quberniyası Eçmiadzin qəzasındakı Aşağı Ağcaqala kənd icması tərkibində. Ermənistan SSR Talin rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 18, 1905-ci ildə 255, 1914-cü ildə 255 nəfər azərbaycanlı olub. Onlar 1918-1920-ci illərdə bütünlüklə kənddən qovulmuş və məhv edilmişdir.
- YELLİCƏ - Ermənistan SSR Ararat (Vedi) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1831-ci ildə 45, 1905-ci ildə 215, 1914-cü ildə 377, 1931-ci ildə 96 nəfər olmuşdur. 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırım nəticəsində əhali 4 dəfə azalmış, gözümçıxdıya salınmış azərbaycanlılar 30-cu illərdə kəndi tərk etmişlər.
- YEMƏZLİ (YUXARI YEMƏZLİ) - Zəngəzur qəzası Ujanis milis şöbəsi ərazisində, Ermənistan SSR Qafan rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 246, 1914-cü ildə 899, 1931-ci ildə 54 nəfər olmuşdur. 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırım nəticəsində əhali 16! dəfə azalmışdır. Erməni millətçilərinin düşmən münasibətlərindən cana doymuş azərbaycanlılar kəndi ötən əsrin 30-cu illərində tərk etmişlər.
- YEMƏZLİ (AŞAĞI YEMƏZLİ)- Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Ermənistan SSR Qafan rayonunda, Yuxarı Yeməzli kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Əhalisi 1905-ci ildə 130, 1914-cü ildə 89 nəfər olmuşdur. Sonrakı illərin rəsmi sənədlərində kəndin adı çəkilmir.
- YENGİCƏ ( 1991-ci ildən SİSAVAN) – Ermənistan SSR Ararat (Vedi) rayonunda, rayon mərkəzindən 4 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. 1831-ci ildə 37, 1905-ci ildə 470, 1914-cü ildə 475, 1931-ci ildə 182 nəfər olmuşdur. 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırım nəticəsində əhali 2,5 dəfə azalmışdır. Azərbaycanlı əhali ötən əsrin 40-cı illərində Stalinin əmri ilə Azərbaycan SSR ərazisinə köçürülmüşdür. Hazırda həmin kənddə ermənilər məskunlaşmışlar.
- YENGİCƏ (1978-ci ildən NORABATS)- İrəvan quberniyasının İrəvan qəzasındakı Noraqavit kənd icması tərkibində, Ermənistan SSR Masis (Zəngibasar – Uluxanlı) rayonunda azərbaycanlılar yaşamış kənd. Əhalisi 1950-ci ildə 75 nəfər, 1914-cü ildə 90 nəfər olmuşdur. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasəti nəticəsində yerli əhali köçüb getməyə məcbur qalmış, kənd ermənilər tərəfindən məskunlaşmışdır.
- YERANOS (ERANOS)- Ermənistan SSR Ararat (Vedi) rayonunda, keçmiş Qarabağlar rayonunun Çimənkənd kəndi yaxınlığında azərbaycanlılar yaşamış kənd. Əhalisi 1873-cü ildə 133, 1906-cı ildə 184, 1931-ci ildə 28 nəfər olub. Azərbaycanlılara qarşı erməni düşmənçiliyi nəticəsində əhali 6 dəfə azalıb, kənd 1930-cu ildə ləğv edilib.
- YUVA (1950-ci ildən ŞAUMYAN)- İrəvan quberniyasının İrəvan qəzasında, Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 3 km cənub-şərqdə) azərbaycanlılar yaşamış kənd. Bu kənddə 1831-ci ildə 33, 1905-ci ildə 12, 1931-ci ildə 1 nəfər azərbaycanlı yaşayıb. Ermənilər( 220 nəfər) bu yaşayış məntəqəsinə 1828-1829-cu illərdə İrandan köçürülüb.
A B C Ç D E Ə F G Ğ H X I İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z