Həbib Rəhim oğlu Həsənovun mətbuatda çap olunmuş erməni təcavüzkarlarının iki əsrə yaxın dövrdə xalqımıza qarşı törətdikləri ağır cinayətləri tutarlı arqumentlərlə, dəqiq faktlarla açıqlayan sanballı məqalələrini və “Silinməz adlar, sağalmaz yaralar” kitabını oxuduqca fikir məni ilk gəncliyimə aparır, həmişə bu qeyrətli azərbaycanlı, obyektiv insan, gözəl ziyalı ilə görüşümü yerli-yataqlı xatırlayıram. Bu barədə hələ 1986-cı ildə “Burdan min atlı keçdi” kitabımda yazmışam.
Həbib Rəhimoğlu bütün Zaqafqaziyada ən təcrübəli və uzunömürlü qəzet naşiri (15 il fasiləsiz “Sovet Ermənistanının” baş redaktoru oldu), eyni zamanda Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müaviniydi. Mərkəzi Komitənin üzvü idi. Respublikada böyük nüfuz sahibi idi. Mənim də mənəvi arxam idi.
O, Ermənistanın müxtəlif bölgələrindən neçə-neçə istedadlı gənci İrəvana dəvət edərək redaksiyada işə götürdü, kollektivi cavanlaşdırdı.
Yaddaş – dünənlə bugünümüzü, bugünümüzlə sabahımızı, keçmişimizlə gələcəyimizi birləşdirən körpüdür. Hər bir yeni nəsil bu yaddaş körpüsünü bir tac artırmağa, onun etibarlılığını, əbədiliyini təmin etməyin qayğısına qalmağa, onu zənginləşdirməyə borcludur.
Yoxsa... Yoxsa başqaları bizə məxsus olan yaddaş abidələrini oğurlayar, öz adlarına çıxar (necə ki, zaman-zaman oğurlayıblar və bu gün də bu mənfur oğurluq davam etməkdədir).
İndiki Ermənistanın Sisyan, Miğri, Vardenis (Basarkeçər), Taşir (Kalinino-Qaraisa) rayonlarının ərazilərində, habelə, digər yerlərdəki qayalıqlarda həkk olunmuş rəsmlər, cizgilər, yazılar, Qobustan, Gəmiqaya kimi antik mədəniyyət abidələrimizlə eyni ruhi və mənəvi təfəkkürün daş kitabələri deyilmi?!. Pavel Safyan Sisyan rayonundakı Şəki təsvirlərinin şərhini verən üçcildlik kitab-albom dərc etdirmişdir. Bu alim biəməl cəhd edir ki, Zaqafqaziyada qayalıqlar üzərində həkk olunmuş bütün təsvirlər öz əsasını Şəki abidələrindən alıb. Şəki abidə-təsvirləri isə ermənilərə məxsus olduğuna görə digərləri də ermənilərə aiddir (?). Və bu sayıqlamalar, şübhəsiz ki, dərin elmi məntiqin, gərgin tarixi araşdırmaların məhsulu deyil. Sadəcə, bu abidələrin hazırda şərti olaraq indiki Ermənistan ərazisində qalması növbəti erməni həyasızlığına və mənəvi oğurluğa «elmi tutalğac» vermişdir.
Halbuki indi Ermənistan deyilən yerdə, o cümlədən, Şəki və ona qonşu olan bütün kəndlərdə ta qədimdən azərbaycanlılar öz doğma torpaqlarında yaşamışlar. Lakin ağrılısı odur ki, Şəki təsvirlərinə dair üçcildlik erməni kitabı yarandı, bir çox dillərə tərcümə edildi. Qobustan təsvirləri isə həmin dövrdə bir-iki bukletdən, «Qobustan» jurnalı səhifələrindən o yana keçmədi…
İndiki Ermənistanın Eçmiadzin rayonunda qədimdən azərbaycanlılar yaşayan onlarca kənd, o cümlədən, Zeyvə kəndi vardır. 1828-ci ildə İrandan və Türkiyədən köçürülən ermənilərin xeyli hissəsi bu kəndlərdə yerləşdirilmişdir. Ermənilər azərbaycanlılar yaşayan Zeyvə kəndi yaxınlığında yeni kənd salmış, ona Zeyvə adı vermişlər. Bu kəndləri bir-birindən seçmək üçün azərbaycanlılar yaşayan kəndə Türk Zeyvəsi, ermənilər yaşayan kəndə isə Erməni Zeyvəsi deyilmişdir. Zaman keçmiş, əsrimizin 60-cı illərində Türk Zeyvəsi yanındakı təpəlikdən çınqıl çıxarılarkən aydın olmuşdur ki, burada ta qədim zamanlardan çuqun, mis emalı ilə məşğul olurmuşlar. Qazıntı zamanı qədim sobalar, külçə və ərinti qalıqları aşkara çıxarıldı. Dərhal azərbaycanlılar yaşayan kəndin adını dəyişib Taranik qoydular. Ermənilər yaşayan kəndin adı isə olduğu kimi qaldı. Beləliklə, tapıntının ermənilərə məxsus olduğunu «əsaslandırdılar».
Ermənilər Kəlbəcəri zəbt etdikdən sonra, adını dəyişib Karvacar (erməni dilində Daşsatan mənasındadır) qoyublar və qısa müddətdə «Karvaçarın» (Kəlbəcərin) tarixi abidələrini əks etdirən “xəritə” də yapıblar. Beləliklə, ənənəvi saxtakarlıq xislətlərinə sadiq qalaraq, buradakı bütün Azərbaycan abidələrinin ermənilərə məxsus olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar.
1970-ci ildə Qalust Gülbekyanın fondu tərəfindən Lissabonda «Erməni baş kilsəsi» adlı şəkil-albom kitabı erməni, rus, ingilis dillərində nəşr olunmuşdur. Albomda Zaqafqaziyada və Türkiyədə olan 62 baş kilsə haqqında müfəssəl məlumat vardır. Bu kilsələrin bir hissəsi xristianlıqdan əvvəl, bir hissəsi IV-X əsrlərə və sonrakı dövrə aiddir. Lakin ermənilər bu kilsələrin hamısını öz adlarına çıxırlar. Halbuki onların bir hissəsi Qafqaz albanları, Yunanıstan missionerləri tərəfindən tikdirilmişdir. Eçmiadzindəki kilsələrdən üçü -Hripsime, Qayane və Şoğokot yunan missioner qadınları tərəfindən inşa etdirilmiş və onların adını daşıyır. Həmin qadınların qəbirləri adları verilən kilsələrin həyətindədir.
Şuşa kilsəsi İrandan Dağlıq Qarabağa köçürülən ermənilər tərəfindən 1868-1877-ci illərdə, Nor-Bəyazet (indiki Qavar) şəhərindəki kilsə Türkiyənin Bəyazit şəhərindən gələn köçkün ermənilər tərəfindən 1848-ci ildə inşa olunub. Bu dövrə qədər adları çəkilən bölgələrdə ermənilər yox, azərbaycanlılar yaşayıb. Buna baxmayaraq, ermənilər bu əraziləri, habelə, harada bir xaç varsa oranı qədim erməni torpaqları adlandırır və bu yolla Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər.
Qüds yəhudi və müsəlman dinlərinin intişar tapdığı müqəddəs şəhərdir. Varlı erməni dindar tacirləri burada bir neçə hektar torpaq sahəsi alıb kilsə tikdirmişdir. Lakin demək olmaz ki, Qüds erməni şəhəridir. Dünyanın müxtəlif ölkələrində 74, ABŞ-da 23, o cümlədən, Nyu-Yorkda 6 erməni Qriqoryan baş kilsəsi fəaliyyət göstərir.Yəqin bir qədər sonra erməni millətçiləri bu kilsələr olan əraziləri də qədim erməni torpaqları, erməni məskəni adlandıracaq, orada yeni-yeni «Qarabağ» münaqişələri törətməyə cəhd edəcəklər.
Yerevan şəhərində qədim məscid var: Göy məscid adlanır. İndi farslar «erməni ürəyiaçıqlığından» xoşhal olaraq bu məscidi onlardan ərməğan kimi qəbul edir, orada fars məscidi adı ilə təmir işləri aparırlar, halbuki məscid azərbaycanlılara məxsusdur, azərbaycanlı memar və ustaları tərəfindən ucaldılıb (söhbət 90-cı illərin əvvəlindən gedir) . Lakin hələ də bu möhtəşəm abidənin yerli azərbaycanlı-türklərə məxsus olduğunu əsaslandıran sanballı əsər yazılmayıb.
Qəribə dövrdə yaşayırıq. Elə bil bu gen dünya get-gedə daralır. Kim qabağa düşüb nə deyirsə hamı ona inanır, geridə qalanın səsini eşitmək istəmir. «Erməni soyqırımı» məsələsində olduğu kimi.
«Erməni soyqırımına» dair dərc olunmuş əsər və məqalələrin yalnız sərlövhələrini toplasan bir neçə cilddən ibarət kitab yaranar. Buna baxmayaraq bu mövzuda hər il onlarca kitab çıxarılır, «dissertasiyalar» müdafiə olunur. Yalnız 1992-ci ilin sentyabr və noyabr aylarında Ermənistan Respublikası Elmlər Akademiyasının tarix institutunda bu mövzuya dair iki «dissertasiya işi» müdafiə olunmuşdur: «Erməni məsələsi və Türkiyədə erməni genosidi» (Avstriya arxiv materialları əsasında) və «XIX əsrin 20-ci illərinin sonunda və 30-cu illərin əvvəllərində Qərbi Ermənistanda erməni xalqının yekdillik prosesi».
İndiki Ermənistan ərazisində 1830-cu illərdə yaşayan əhalinin 77,9,%-ni azərbaycanlılar təşkil edirdi. Hazırda bu ərazidə azərbaycanlı girovlarından başqa bir nəfər də azərbaycanlı yoxdur.
Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin uğurlu siyasətləri, cəsarətli və düşünülmüş diplomatik addımları nəticəsində məkirini, erməni təcavüzü barədə həqiqətlər bütün dünyaya bəyan edildi, ölkəmiz informasiya blokadasını yardı, xalqımızın düşdüyü tarixi burulğandan salamat qurtuldu. Bu şərəfli və çətin mücadilə yolunda, məkrli düşmənlə siyasi-ideoloji çarpışmalarda hamı Prezidentimizin ətrafında birləşir.
Fikrimizcə, «Silinməz adlar, sağalmaz yaralar» kitabı bu müqəddəs mübarizəyə qiymətli töhfədir. Kitabın müəllimi onu boya-başa çatdıran əziz fxalqına bu sözlərlə müraciət edir: «Övlad töhfəsi bir yaşıl yarpaq, nə etsin olanı bu idi ancaq!»