Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır

RU
PRpr “İctimaiyyətlə əlaqələrin inkişafına kömək “ İctimai Birliyinin layihəsi QƏRBİ AZƏRBAYCAN: AZƏRBAYCANLILARA QARŞI GENOSİD DEMOQRAFİK STATİSTİKA GÜZGÜSÜNDƏ

Birinci mərhələnin səciyyəvi məqamları

 Məlumdur ki, XVI əsrdən başlayaraq Rusi­yanın  iddiası Baltik dəni­zinə, Sakit okeana, Qara dəniz vasitəsilə Aralıq dənizinə, ha­belə İran körfəzinə çixış yolunu təmin etmək idi. Xüsu­silə Çar Rusiyasının Qafqaz siyasəti burada əsas yer tuturdu. Məqsəd Qafgazı bütünlüklə zəbt etmək, ilk növbədə müsəl­manlar yaşayan ərazilərdə xristianlardan ibarət bufer zona yaratmaq idi. Məhz bu məqsədlə Roma­novlar sülaləsinin hakimiyyəti dövründə Rusiya Türkiyəyə qar­şı 11 dəfə, İrana qarşı 3 dəfə geniş miqyaslı müharibələr apar­mış, onlara qalib gəlmiş və yeni-yeni əraziləri zəbt et­mişdir. Qafqaz istiqamətində aparılan müharibələrin əsasını I Pyotr qoymuşdur. Onun hakimiyyətinin 29 ilinin 28 ilini Rusiya müharibələrdə keçirmişdir. Zaqafqaziyanı zəbt etmək üçün aparılan müharibədə erməni kartından məha­rətlə istifadə edilir, ermənilərin  ərazi iddiaları və təklifləri Rusiyanın hakim dairələri tərəfindən dəstəklənirdi.
Osmanlı Türkiyəsində, İran şahlığında yaşayan ermənilər arasında milli psixoz ruhu alovlandırılır, daxili iğtişaşlar təşkil edilirdi. Bu sahədə İranda yaşayan Hakop Cuğalı, Rusiyanın yüksək dairələrində dəstəklənən Israil Ori xü­susi fəallıq göstərirdilər. Onların məqsədi Zaqafqaziyada milli erməni dövləti üçün baza yaratmaq idi, və bu işdə on­lar, “xristianlıq bayrağı altında birləşmək” şuarını məharətlə istifadə edərək, həm Rusiya, həm də  Avropa ölkələrinin  yardımından faydalanırdılar. Hadisələrin xronologiyasını izləyək:
1667-ci il. Çar hökuməti ilə erməni tacirləri arasında tica­rət müqaviləsi bağlanır və bununla Rusiya dövləti ərazisində ipək ticarəti erməni tacirlərinin monopoliyasına keçirilir.
1699-cu il. İsrail Ori Angeğakotda ( Sisyan rayonu,  rayon mərkəzindən I0 km şimal-şərqdədir, I831-ci ildə cəmi 276 nəfər erməni əhalisi olub) Sünik məlik­ləri ilə gizli müşavirə keçirir. Orada Ermənistanı azad et­mək xahişi barədə  I Pyotra müraciət qəbul edilir.
1701-ci il. I Pyotr İsrail Ori ilə görüşür, ermənilərə hərtərəfli yardım göstərməyə təminat verir.
  I724-cü il 10 noyabr. I Pyotr erməni xalqını öz himayəsinə almaq haqqında  fərman imzalayır. Bundan sonra Şimali Qafqazda və Kaspi ət­rafı rayonlarinda yaşayan ermənilərə xüsusi imtiyazlar verilir.
    1735-ci ildə Gizlyarda, 1763-cü ildə Mozdokda, Həştərxan­da iri erməni icmaları yaranır. Rusiya ərazisində erməni icmalarının yaradılması geniş vüsət alır.
    1768-ci il. İİ Yekaterina erməniləri Rusiyanın himayəsinə almaq haqqında fərman imzalayır.
1769-cu il. Movses Safaryan tərəfindən tərtib edilmiş Er­mənistanın azadlıq Proqramı rus hakimiyyət orqanlarına təq­dim olunur.
I781-ci il. S-Peterburqda Qriqor Xaldaryanın mətbəəsi təşkil olunur ki, bu da erməni şovinizminin formalaşmasında, müsəl­manlara qarşı nifrət hissinin gücləndirilməsində mühüm rol oy­nayır.
I781-I786-cı illər. Rus qoşunları vasitəsilə Ermənistanı azad etmək haqqında erməni siyasi xadimləri ilə Rusiya ara­sında yazışmalar və danışıqlar aparılır.
I783-cü il. H.Arğutyan və H.Lazaryan tərəfindən təşkilatlanmış rus-erməni ittifaqının ilk layihəsi rus hökumətinə təqdim olunur. Bələliklə, İran və Türkiyə ərazilərinə yaxın sahələrdə be­şinci kolonna təşkil olunur, ideoloji, iqtisadi baza yaradılır.
1796-cı il. Rus qoşunlarının Zaqafqaziyaya hücum əməliy­yatları başlanır.
1801-ci il. I Aleksandrın I2 sentyabr tarixli manifestinə əsasən Şərqi Gürcüstan, habelə, Lori, Qazax, Borçalı bölgələri də Rusiyaya birləşdirilir.
1804-I8I3-cü illər. Rusiya-İran müharibəsi.
1804-cü ilin may ayı. Rus qoşunlarının İrəvana birinci yü­rüşü.
1805-ci il 14may Kürəkçay müqaviləsinə əsasən Qara­bağ xanlığı Rusiyaya birləşdirilir.
I806-I8I2-ci illər. Rusiya – Türkiyə müharibəsi.
1808-ci il. Rusiya qoşunlarının Irəvana ikinci yürüşü.
1808-ci il. Rus qoşunları Naxçıvanı zəbt edir.
1813-cü il. Gülüstan müqaviləsi bağlanır.
1826-I828-ci illər. Rusiya - İran müharibəsi.
I826-cı il 13 sentyabr. Rus qoşunları Gəncə cəbhəsin­də qələbə qazanır.
1827-ci il mart-may ayları. Tiflisdə erməni könüllü birləş­mələri təşkil edilir. Onlar Irana qarşı müharibədə iştirak edir­lər.
1827-ci il 2 aprel. Rus qoşunlarının İrəvan üzərinə üçün­cü yürüşü.
1827-ci il 13 aprel rus qoşunları Eçmiadzini zəbt edirlər.
1827-ci il 27 setyabr. Rus qoşunları İrəvanı mühasirəyə alırlar
1827-ci il 1 oktyabr. Rus qoşunları İrəvanı zəbt edir.
1828-ci il 10 fevral. Türkmənçay müqaviləsi bağlanır. İrəvan və Naxçıvan xanlıqları, Ordubad diyarı Rusiyanın hakimiyyəti altına keçir.
1828-I829-cu illər. Rusiya – Türkiyə müharibəsi.
1829-cu il 2 sentyabr. Adrianopolis sülh müqaviləsi bağ­lanır. Qars vilayətinin bir hissəsi Rusiyanın tabeliyinə keçir.
Hadisələrin xronologiyasını verməkdə məqsədimiz onların Qərbi Azərbaycan torpağında yaşamış azərbaycanlıların taleyinə acınacaqlı təsiri haqqında tam təsəvvür ya­ratmaqdır.
     Çar Rusiyasının əsas məqsədlərindən biri ilk növbədə İrəvan xanlığını zəbt etmək idi. 1826-I828-ci illərdə bu istiqamətdə gedən vuruşmalar azərbaycanlılar yaşayan kəndlərdən keçmişdir.Nəticədə onların əksəriyyəti dağıdılmış, əhalisi didərgin salınmışdı. Bu barədə aşağıda ətraflı danışılacaqdır.
İranla apardığı müharibədə Çar Rusiyasının qələbəsi İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində Azərbaycan-türk milli­-dövlət qurumunun ləğvinə gətirib çıxartdı. Çar hakimiyyət or­qanları xanlıqların inzibati ərazi bölgüsündə dərhal ciddi dəyi­şikliklər apardılar. I828-ci il 2I mart tarixli dekretlə Erməni vi­layəti (məhz Ermənistan vilayəti yox, Erməni vilayəti, yəni Armyan­skaya oblast) təşkil edildi. Söhbət gedən ərazidə Erməni vilayəti yaratmaqla Çar Rusiyası hakim dairələrinin məqsədi mü­səlman Yaxın Şərqi ilə xristian Rusiyası arasında bufer zona yaratmaq, ermənilərin məqsədi isə etnopsixoloji xülya olan  “Böyük Ermənistan"ın  özülünü qoymaq idi.

 

 
©west-land.az | Web-master: Rufat Abdurahmanov | Əlagə: Şəlalə Həsənova